Yazar: Şahinoğlu @ Noyabr 5, 2009 15:00
POLŞA İMDAD DİLƏYİR: “BİZİ RUSİYADAN QORUYUN!”
Polşanın müdafiə naziri Radoslav Sikorski noyabrın 4-də Vaşinqtonda Strateji Araşdırmalar Mərkəzində çıxış edərkən ABŞ-ı Polşanı Rusiyanın mümkün hücumundan qorumağa çağırıb: “ABŞ qoşunlarının Polşada yerləşdirilməsinə ehtiyac var. Bu, Rusiyanı Polşaya hücum etməkdən çəkindirə bilər”.
R.Sikorskini sensasiya xarakterli bu bəyanatı verməyə məcbur edən səbəb Polşa sərhədinə yaxın Brest vilayətində Rusiya-Belarus birgə hərbi təlimləri olub. Təlimlərə 13 min hərbçi qatılıb. Varşavanı təlimlər zamanı desant qüvvələrinin sahil bölgələrinə hücum taktikasını öyrənməsi qorxudub. Rəsmi Varşava təlimin bu hissəsini Polşa sahillərinə desant hücumu kimi qəbul edib.
Təlimlərin müdafiə məqsədi daşıdığı açıqlansa da, Varşava buna inanmır, təlimdə hücum xarakterli əməliyyatların həyata keçirildiyini bildirir. Polşanın müdafiə naziri SSRİ dağılandan sonra Rusiyanın NATO ilə sərhəddə ən böyük təlim keçirməsinin arxasında Qərbə mesaj dayandığını düşünür. R.Sikorski buna görə də Qərb dövlətlərinin hərəkətə keçməsini vacib sayır. “ABŞ Polşanı strateji tərəfdaş sayırsa, bunu əməldə göstərməlidir” deyən Sikorski Rusiyanın mümkün aqressiyasına qarşı adekvat addım atılmasını istəyib.
Hazırda Polşada cəmi 6 amerikalı hərbçinin çalışdığını deyən nazir soruşub: “Əgər sizin qarşınızda 900 tank dayanırsa, 6 hərbçinin əlindən nə gələcək?”
Polşanın müdafiə nazirinin bəyanatı Rusiyanın siyasi dairələrində etiraz doğurub. Dövlət Dumasının beynəlxalq məsələlər üzrə daimi komitəsinin sədri Konstantin Kosaçov “Exo Moskvı” radiosuna müsahibəsində Rusiyanın Polşaya qarşı heç bir gizli planı olmadığını deyib. K.Kosaçov Polşanın sadəcə, vaxtilə Almaniyanın istifadə etdiyi kommersiya variantından yararlanmağa çalışdığını irəli sürüb: “ABŞ qoşunlarının son illərədək Almaniyada varlığı bu Avropa ölkəsinin büdcəsinə əlavə 7 milyard dollar gəlir gətirirdi. Görünür, Varşava da ABŞ qoşunlarını Polşaya dəvət etməklə eyni qazanca ümid edir”.
Ən maraqlısı Polşa müdafiə nazirinin çağırışına rəsmi Vaşinqtonun necə reaksiya verəcəyidir. Barak Obama prezident seçildiyi gündən Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. O bu məqsədlə Polşa və Çexiyada yerləşdirilməsi planlaşdırılan raketdənmüdafiə sistemlərindən imtina edib. Polşanın siyasi və hərbi dairələri Obamanın bu qərarından məyusdur.
Varşava faktiki olaraq Obamanı seçim etməyə çağırır: “Ya Şərqi Avropadakı müttəfiqlərini qoru, ya da Rusiyanın artan iştahının qabağını almaq çətinləşəcək”.

qarabag nabukko türkiyə lissabon moskva axcp qaz tiflis polşa obama kərimli rusiya radio əli dağlıq zbiqnev erməni hamas kreml rusiyaç
İndi blogda: 2
Keçən ayın hiti: 5728
Dünənki hit: 135
Bugünki hit: 178
Ümumi hit: 39564